Azərbaycan Mərkəzi Bankı notların yerləşdirilməsini 43% azaldıb

Azərbaycan Mərkəzi Bankı notların yerləşdirilməsini 43% azaldıb Azərbaycan dövlət qiymətli kağızlar bazarının həcmi 4,1 mlrd. manata düşüb
Maliyyə
4 Noyabr , 2014 15:50
Azərbaycan Mərkəzi Bankı notların yerləşdirilməsini 43% azaldıb
Bakı. 4 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində bir rəqəmli inflyasiya göstəricisi şəraitində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilən pul siyasətinin yumşaldılması və stimullaşdırıcı xarakter alması, eləcə də Maliyyə Nazirliyi tərəfindən konservativ borclanma siyasətinin həyata keçirilməsi dövlət qiymətli kağızlar bazarının həcminə əhəmiyyətli dərəcədə təsir göstərib. “Report”un xəbər verdiyi kimi, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Qiymətli kağızlar bazarında bu növ alətlərlə ortalama gündəlik 19,6 mln. manatlıq əməliyyat həyata keçirilib və dövlət qiymətli kağızlar bazarının həcmi 4,1 mlrd. manata çatıb.

Hesabat dövrü ərzində Mərkəzi Bankın qiymət stabilliyinin təmin olunması funksiyası çərçivəsində həyata keçirdiyi sterilizasiya əməliyyatları notlar və onlarla aparılan repo əməliyyatlarının dinamikasında özünü qabarıq şəkildə büruzə verib. Belə ki, 2014-cü ilin 9 ayı ərzində AMB-nin notlarının yerləşdirilməsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 43% azalaraq 133,1 mln. manat təşkil etməsinə baxmayaraq, bu növ alətlərin təkrar bazar ticarəti 7,0 dəfə artaraq 307,8 mln. manat təşkil edib və not bazarı 58% artaraq 440,9 mln. manata çatıb.

Bununla yanaşı, bu ilin I rübündən etibarən qiymətli kağızlar bazarında ilk dəfə olaraq yeni növ alətlə - korporativ istiqrazlarla repo/əks-repo əməliyyatları həyata keçirilib, bütövlükdə cari ilin 9 ayı ərzində baş tutmuş repo/əks-repo əməliyyatlarının həcmi 3,5 mlrd. manat təşkil edib.

Məlumatda həmçinin deyilir ki, bu ilin mart ayı ərzində Maliyyə Nazirliyi tərəfindən xarici bazarlarda ilk dəfə olaraq 1,25 mlrd. manat həcmində avroistiqrazlar yerləşdirilib. Avroistiqrazlara 160-dan çox ölkənin institusional investorları tərəfindən böyük maraq göstərilib və avroistiqrazlara olan tələbat təklifdən 4 dəfə artıq olub. Bununla yanaşı, hesabat dövrü ərzində yerli bazarda 62,6 mln. manat həcmində qiymətli kağızlar bazarının ən aşağı riskə malik olan alətləri yerləşdirilib, bu növ alətlərin təkrar bazar ticarəti isə 22,3 mln. manat həcmində olub.

Son xəbərlər

Orphus sistemi