​Azərbaycan banklarının mənfəəti 35% artıb

​Azərbaycan banklarının mənfəəti 35% artıb "Report" agentliyinin analitikləri: "Qeyri-faiz əməliyyatları banklara zərər gətirir və bu zərər kəskin şəkildə artır"
Maliyyə
3 Noyabr , 2014 07:48
​Azərbaycan banklarının mənfəəti 35% artıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2014-cü ilin yanvar-sentyabr aylarında 355,46 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, 2013-cü ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə 34,7% çoxdur.

Hesabat dövründə bankların faiz gəlirləri 1 669,67 mln. manat, faiz xərcləri 725,33 mln. manat təşkil edib və nəticədə, faiz mənfəəti 944,34 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 336,85 mln. manat, qeyri-faiz xərcləri isə 635,39 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 298,54 mln. manat həcmində zərər yaranıb.

"Report" analitik qrupu hesab edir ki, bankların gəlir və xərclərinin strukturunun təhlili bu sahədə sağlamlaşma əlamətlərinin olmadığını göstərir. Belə ki, yenə də qeyri-faiz əməliyyatları banklara zərər gətirir və bu zərər kəskin şəkildə artır. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə qeyri-faiz əməliyyatları üzrə zərər 84,5 mln. manat artıb. Öz növbəsində, 2013-cü ilin yanvar-sentyabr aylarında müvafiq göstəricinin illik artımı 48,7 mln. manat olub. Aydındır ki, faiz mənfəətinin artımı mütləq rəqəmdə daha yüksəkdir, lakin bu, faiz əməliyyatlarının həcm baxımından daha yüksək olması ilə bağlıdır. Eyni zamanda, müsbət hal kimi onu qeyd etmək lazımdır ki, ümumi mənfəətin artımı aktivlər üzrə xüsusi ehtiyatlara ayırmaların kəskin artması fonunda baş verib. Qeyd edək ki, 9 ay ərzində bu ayırmaların həcmi 290,3 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 2,6 dəfə çoxdur. Bundan əlavə, mənfi göstərici kimi qeyri-faiz xərclərinin həddindən artıq olmasını qeyd edə bilərik. Belə ki, 9 ay ərzində bu xərclərin həcmi 635,4 mln. manata bərabər olub ki, bu da faiz xərclərindən (725,3 mln. manat) cəmi 90 mln. manat azdır.

Son xəbərlər

Orphus sistemi