Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 8% artıb
- 11 sentyabr, 2014
- 06:39
Bakı. 11 sentyabr. REPORT.AZ/ Cari ilin yanvar-avqust aylarında Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 844,9 mln. manat təşkil edib ki, bu da ötən il müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 8% çoxdur.
Nazirlikdən "Report"a bildirilib ki, bu məbləğin 33,9%-i mənfəət vergisi, 27,3%-i əlavə dəyər vergisi, 12,9%-i fiziki şəxslərin gəlir vergisi, 10,7%-i aksizlər, 15,2%-i isə digər vergilərin payına düşür.
Vergilər Nazirliyində həmçinin qeyd ediblər ki, qeyri-neft sektoru üzrə büdcəyə 2 769,017 mln. manat daxil olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,1% çoxdur. Ümumilikdə, hesabat dövründə Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarının 57,2%-ni qeyri-neft sektoru təmin edib.