Azərbaycanda iqtisadi artım 2,5% təşkil edir

Azərbaycanda iqtisadi artım 2,5% təşkil edir Prezident İlham Əliyev: "Bu, çox müsbət göstəricidir"
Maliyyə
9 Oktyabr , 2014 05:39
Azərbaycanda iqtisadi artım 2,5% təşkil edir

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında istehsal olunan ümumi daxili məhsulun həcmi 2,5% artıb. “Report”un xəbər verdiyi kimi, bunu Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyev bəyan edib.

Prezidentin sözlərinə görə, dünyada mövcud olan vəziyyəti nəzərə alanda, bu, çox müsbət göstəricidir: "Eyni zamanda, qeyri-neft sektoru 6% artıb ki, bu da çox müsbət göstəricidir. İnflyasiya çox aşağı səviyyədədir - cəmi 1,5%. Əhalinin pul gəlirləri isə 5,4% artıb. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və beləliklə bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir”.

Prezident inflyasiyanın ilin sonuna qədər aşağı səviyyədə olacağı barədə əminliyini də vurğulayıb və bildirib ki, hökumət çalışacaq ki, gələn il də bu göstərici aşağı səviyyədə olsun. Qeyd edilib ki, inflyasiyanın aşağı səviyyədə olması makroiqtisadi vəziyyətin sabit olmasını göstərir.

Ölkə başçısı həmçinin bəyan edib ki, ilin əvvəlindən iqtisadiyyata 19 mlrd. dollar həcmində sərmayə qoyulub ki, bunun 11 mlrd. dolları daxili sərmayədir. Bu da son illərdə müşahidə olunan mənzərədir. İnvestisiyalar artır və daxili investisiyalar üstünlük təşkil edir. “Düzdür, daxili investisiyaların böyük hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ də dövlət xətti ilə infrastruktur layihələrinə, o cümlədən sosial infrastruktur layihələrinin icrasına vəsait ayrılmalıdır”, - deyə prezident bildirib.

İnvestisiyalar müxtəlif sahələrə - sənaye, kənd təsərrüfatı, turizm sektoru, neft-qaz sənayesinin inkişafına qoyulur. Prezident vurğulayıb ki, bu da təbiidir, çünki Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir. Məhz buna görə iqtisadi artım davam edir. Baxmayaraq ki, hazırda neftin qiyməti kəskin şəkildə aşağı düşür. “Ancaq ölkə qeyri-neft sektoru hesabına bundan sonra da inkişaf edəcək və bu, bizim inkişafımızı dayanıqlı edəcək. Yəni, bizim əsas məqsədimiz neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir”, - deyə ölkə başçısı bəyan edib.

İ.Əliyev həmçinin bildirib ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilib. Prezidentin sözlərinə görə, yüz mindən çox yeni iş yeri açılıb və onlardan 80 mini daimi iş yerləridir. Proqramın əvvəlindən, 2004-cü ildən bu günə qədər 1,3 mln. yeni iş yeri açılıb. Bu da imkan verir ki, işsizlik kəskin şəkildə aşağı düşsün və bu gün 5% səviyyəsindədir.

Son xəbərlər

Orphus sistemi