​Azərbaycan qiymətli kağızlar bazarı I yarımillikdə 86% artıb

​Azərbaycan qiymətli kağızlar bazarı I yarımillikdə 86% artıb Azərbaycan fond bazarının bütün seqmentləri üzrə aparılan əməliyyatların sayı və həcmində əhəmiyyətli canlanma müşahidə olunub
Maliyyə
8 Oktyabr , 2014 17:51
​Azərbaycan qiymətli kağızlar bazarı I yarımillikdə 86% artıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu ilin ilk yarımilliyi ərzində Azərbaycan qiymətli kağızlar bazarının bütün seqmentləri üzrə aparılan əməliyyatların sayı və həcmində əhəmiyyətli canlanma müşahidə olunub. Ötən ilin eyni dövrünün müvafiq göstəricisi ilə müqayisədə bazarın həcmi 86% artaraq 5,9 mlrd. manata yüksəlib ki, bu da 2013-cü ilin yekununun 70%-nə bərabərdir. Bu barədə “Report”a Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr Departamentindən məlumat verilib.

Qeyd edilən dövr ərzində kapital bazarları vasitəsi ilə maliyyələşmə meyillərinin artım tendensiyası davam edib və ilkin bazarda əməliyyatların sayı 2 dəfə, həcmi isə 3 dəfə artaraq 1,7 mlrd. manata yüksəlib. Hesabat dövründə həmçinin bütün növ qiymətli kağızların təkrar bazar ticarətində əhəmiyyətli canlanma qeydə alınıb və təkrar bazarda əqdlərin sayı və ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 13,4% və 61% artıb. Bütövlükdə, dövr ərzində qiymətli kağızlar bazarının həcmi ÜDM-in 21%-nə bərabər olub.

Hesabat dövrü ərzində korporativ qiymətli kağızlar bazarında həm əqdlərin sayında, həm də əməliyyatların həcmində yüksək templi artım müşahidə olunub. Belə ki, dövr ərzində korporativ qiymətli kağızlar bazarında əqdlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24%, həcmi isə 3,1 dəfə artaraq 2 mlrd. manat təşkil edib. Ümumilikdə, 2014-cü ilin birinci yarımilliyi ərzində korporativ qiymətli kağızlar sektorunun həcmi 2013-cü ilin yekun həcmini 12,3% üstələyib.

Cari ilin ilk 6 ayı ərzində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində ticarətin həcmi 2,7 dəfə artaraq 748,9 mln. manat təşkil edib. Real sektor təmsilçilərinin və xüsusi olaraq bankların səhm bazarı vasitəsilə aktiv maliyyələşməsi səhmlərin ilkin bazarını ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 dəfə artıraraq 732,7 mln. manata çatıb.

Hesabat dövrü ərzində Azərbaycan İpoteka Fondunun (AİF) təminatlı istiqrazlarının təkrar ticarətinin aktivləşməsi fonunda korporativ istiqraz bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə artaraq 1,2 mlrd. manata yüksəlib. Artım korporativ istiqraz bazarının hər iki seqmentində müşahidə olunub. Belə ki, hesabat dövründə ilkin bazarda 826,5 mln. manatlıq, təkrar bazarda isə 375,3 mln. manatlıq istiqraz ticarəti baş tutub ki, bu da ötən ilin ilk 6 ayı ilə müqayisədə müvafiq olaraq 4,8 dəfə və 2,2 dəfə çoxdur.

Həmçinin bildirilir ki, korporativ istiqraz bazarının ən likvid aləti olan AİF-in istiqrazlarının ticarəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 349,5 mln. manat təşkil edib. Bu alətlərin ilkin bazarında 40,2 mln. manat həcmində yerləşdirmə baş tutub, təkrar bazarında isə 309,3 mln. manat həcmində əməliyyatlar qeydə alınıb ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə müvafiq olaraq 30% və 2,3 dəfə çoxdur.

Hesabat dövrü ərzində dövlət qiymətli kağızlar bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% artaraq 4 mlrd. manata çatıb. Cari ilin mart ayı ərzində Maliyyə Nazirliyi tərəfindən xarici bazarlarda ilk dəfə olaraq 1,25 mlrd. manat həcmində avroistiqrazlar yerləşdirilib. Avroistiqrazlara 160-dan çox ölkənin institusional investorları tərəfindən böyük maraq göstərilib və tələbat təklifdən 4 dəfə artıq olub. Bununla yanaşı, Maliyyə Nazirliyinin istiqrazları ilə yerli bazarda ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 60,7 mln. manata çatıb.

Artım dövlət istiqrazları bazarının hər iki seqmentində müşahidə olunub. Belə ki, dövr ərzində 47,9 mln. manatlıq dövlət istiqrazları yerləşdirilib, bu alətlərin təkrar bazar ticarəti isə 12,7 mln. manat olub ki, bu da ötən ilin analoji göstəricisindən müvafiq olaraq 3% və 43% çoxdur. Hesabat dövründə Mərkəzi Bankın notları ilə ilkin bazarda ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% azalaraq 109,1 mln. manat təşkil etsə də, bu növ alətlərin təkrar bazar ticarəti 6,9 dəfə artaraq 302,8 mln. manata yüksəlib. Bütövlükdə not bazarında ticarətin həcmi 84% artaraq 411,9 mln. manata çatıb. Bununla yanaşı, hesabat dövrünün birinci yarısından etibarən qiymətli kağızlar bazarında ilk dəfə olaraq yeni növ alətlə - korporativ istiqrazlarla repo/əks-repo əməliyyatları həyata keçirilib, bütövlükdə cari ilin birinci yarımilliyi ərzində baş tutmuş repo/əks-repo əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% artaraq 3,5 mlrd. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi