“AzRe Təkrarsığorta”nın xalis mənfəəti kəskin artıb

Maliyyə
  • 30 mart, 2023
  • 05:11
“AzRe Təkrarsığorta”nın xalis mənfəəti kəskin artıb

“AzRe Təkrarsığorta” ASC 2022-ci ili 22,663 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 8 dəfə çoxdur.

Ötən il “AzRe Təkrarsığorta”nın gəlirləri 48,502 milyon manat (əvvəlki ilə nisbətən 22,9 % az), xərcləri 22,737 milyon manat (2,6 dəfə az), mənfəət vergisi ödəmələri isə 3,102 milyon manat (4,5 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “AzRe Təkrarsığorta”nın aktivləri 136,987 milyon manat olub ki, bu da illik müqayisədə 37,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 71,4 % artaraq 61,588 milyon manata çatıb, balans kapitalı isə 18,9 % artaraq 75,398 milyon manata düşüb.

Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 90%-lik səhmdarıdır.