“AzRe Təkrarsığorta”nın xalis mənfəəti 14 % azalıb

Maliyyə
  • 29 mart, 2024
  • 05:31
“AzRe Təkrarsığorta”nın xalis mənfəəti 14 % azalıb

“AzRe Təkrarsığorta” ASC 2023-cü ili 19,394 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 14,4 % azdır.

Ötən il “AzRe Təkrarsığorta”nın gəlirləri 122,42 milyon manat (əvvəlki ilə nisbətən 2,5 dəfə çox), xərcləri 99,425 milyon manat (4,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 3,601 milyon manat (16,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “AzRe Təkrarsığorta”nın aktivləri 135,43 milyon manat olub ki, bu da illik müqayisədə 1,1 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 24,2 % azalaraq 46,712 milyon manata düşüb, balans kapitalı isə 17,7 % artaraq 88,718 milyon manata çatıb.

Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 90%-lik səhmdarıdır.

44 - Tezliklə