İyulun 2-də, saat 11:00-da “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 6 ("Bridge Plaza" iş mərkəzi) ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "AzRe Təkrarsığorta"nın kapital mövqeyinin, investisiya siyasətinin, bölüşdürülməmiş mənfəətinin, törəmə cəmiyyətlərdə iştirak payının, bununla bağlı Direktorlar Şurasının təqdim etdiyi təklif və sənədlərin müzakirə edilməsi, eləcə də digər məsələlər daxildir.
Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 90%-lik səhmdarıdır.