“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “AzFinance İnvestisiya Şirkəti” QSC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
“Report” bu barədə BFB-yə istinadən xəbər verir.
Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd, yəni 1 milyon manatlıq diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Onların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək, hərrac tarixi 2 gün əvvəlcədən BFB-nin internet səhifəsində açıqlanacaq.
Qiymətli kağızlar 5 il müddətində tədavüldə olacaq. Emitentin tədavül müddətində onları geri alması nəzərdə tutulmayıb.
“Azfinance İnvestisiya Şirkəti”nin direktoru İntiqam Səfərəliyev “Report”a bildirib ki, istiqrazlar yaxın 1 ay ərzində yerləşdiriləcək, onların illik gəlirliliyi isə hərracın gedişində müəyyən ediləcək: “Bu istiqrazlar nominal dəyərindən bir qədər aşağı qiymətə (məsələn, 800 manata) investorlara satılacaq və 5 ildən sonra onlar 1 000 manatdan pullarını geri götürəcəklər. Yəni, istiqrazları almaq istəyənlərin təkliflərinə baxılacaq və əgər bizə sərf etməyən gəlirlilik tələb edilsə, satış olmayacaq. Bəri başdan deyə bilərəm ki, elə də yüksək gəlirlilik vəd etməyi nəzərdə tutmamışıq. İllik faiz dərəcəsi hətta 10%-dən də aşağı ola bilər, çünki cəlb edilmiş vəsaitin yerləşdirilməsi məsələsi də var”.
Hələlik yalnız o məlumdur ki, fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) 1 fevral 2023-cü ilə qədər vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.
Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. İnvestisiya şirkətinin səhmləri 100 % Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkətinə məxsusdur.