Bakı. 30 iyun. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin mikrokreditlərin verilməsi ideyası mövcuddur. Hazırda bu pilot layihənin tam şəkildə həyata keçirilməsi üzərində iş gedir. "Report"un xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.
"Bu ideya bir müddət əvvəl irəli sürülüb və hazırda da qalmaqdadır. Bilirsiniz ki, "Azərpoçt" mövcud olan lisenziya şərtlərinə uyğun olaraq məhdud çərçivədə bank xidmətləri göstərir. Onun fəaliyyətinin genişləndirilməsi istiqamətlərindən biri də kiçik kreditlərin verilməsi ideyası ilə bağlıdır və bu layihə işlənilir", - deyə E.Vəlizadə qeyd edib.
Qeyd edək ki, bundan əvvəlki müzakirələrdə kreditləşməyə "Azərpoçt"un daxili resurslarından təqribən 2 mln. manat ayrılması nəzərdə tutulub. Layihənin kreditlərə tələbatın nisbətən daha çox olduğu və onların qaytarılması üzrə risklərin olmadığı bir neçə rayonda reallaşdırılması planlaşdırılırdı. İlkin mərhələdə kreditlərin biznes və kənd təsərrüfatının inkişafına ayrılacağı bildirilib. Mikrokreditləşmə xidmətinin işə salınması xüsusi qaydalar üzrə və Azərbaycan Mərkəzi Bankının xüsusi nəzarəti altında həyata keçiriləcəyi açıqlanıb.