"Azəristiliktəchizat"ın yığılmış zərəri 100 milyon manatı ötüb

Maliyyə
  • 13 sentyabr, 2023
  • 06:25
Azəristiliktəchizatın yığılmış zərəri 100 milyon manatı ötüb

"Azəristiliktəchizat" ASC 2022-ci ili 8,29 milyon manat zərərlə başa vurub.

"Report" ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 20,1 % azdır.

Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 8,3 % artaraq 108,416 milyon manata çatıb.

Bu il yanvarın 1-nə "Azəristiliktəchizat"ın aktivləri 151,863 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 19,5 % artaraq 67,984 milyon manata çatıb, balans kapitalı isə 8,8 % azalaraq 83,878 milyon manata düşüb.

Xatırladaq ki, "Azəristiliktəchizat" ölkə Prezidentinin "İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 8 iyun 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manat təşkil edir. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.