“AzerGold”un xalis mənfəəti 4 dəfə artıb

“AzerGold”un xalis mənfəəti 4 dəfə artıb “AzerGold” QSC 2020-ci ili 48,21 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
27 Avqust , 2021 15:25
“AzerGold”un xalis mənfəəti 4 dəfə artıb

“AzerGold” QSC 2020-ci ili 48,21 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 3,9 dəfə çoxdur.

Ötən il “AzerGold”un gəlirləri 112,733 milyon manat (illik müqayisədə 30 % çox), xərcləri 54,927 milyon manat (23,3 % az), mənfəət vergisi ödəmələri isə 9,596 milyon manat (3,6 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “AzerGold”un aktivləri 139,878 milyon manat olub ki, bu da, illik müqayisədə 26,9 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətin öhdəlikləri 49,4 % azalaraq 41,743 milyon manata, balans kapitalı 3,6 dəfə artaraq 98,135 milyon manata, nizamnamə kapitalı isə 3 dəfə artaraq 21,765 milyon manata çatıb.

Qeyd edək ki, dünyanın tanınmış audit şirkətlərindən olan “PricewaterhouseCoopers” (PwC) tərəfindən aparılan maliyyə yoxlamalarına əsasən, əvvəlki illə müqayisədə 2020-ci ildə Səhmdar Cəmiyyətin qızıl hasilatında 8,7 %, gümüş hasilatında isə 17,6 % artım qeydə alınıb. Hesabat ilində qızıl və gümüşün beynəlxalq birjalarda satışından ölkə iqtisadiyyatına 110,2 milyon ABŞ dolları həcmində vəsait cəlb edilib ki, bu da 2019-cu illə müqayisədə 27,9 % (24,04 milyon ABŞ dolları) çoxdur.

“AzerGold” QSC-nin ümumi kapitalı 2019-cu ildə 27,57 milyon ABŞ dolları olduğu halda, 2020-ci ildə bu göstərici 70,56 milyon ABŞ dolları (255,9 %) artaraq 98 milyon ABŞ dollarından çox olub. Ümumi kapitalın artması cari ilin xalis mənfəəti hesabına, həmçinin dövlət tərəfindən nizamnamə kapitalının artırılmasına (38 milyon manat həcmində) əsaslanır. 2020-ci ilin sonuna “AzerGold” QSC-nin səhm kapitalı 29,5 milyon ABŞ dolları ötüb.

Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Son xəbərlər

Orphus sistemi