“AzerGold”un nizamnamə kapitalı yenidən artırılır

“AzerGold”un nizamnamə kapitalı yenidən artırılır Nazirlər Kabineti “AzerGold” QSC-nin nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə 11 may 2016-cı il tarixli qərarında dəyişiklik edib.
Maliyyə
25 Noyabr , 2020 10:23
“AzerGold”un nizamnamə kapitalı yenidən artırılır

Nazirlər Kabineti “AzerGold” QSC-nin nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə 11 may 2016-cı il tarixli qərarında dəyişiklik edib.

"Report” xəbər verir ki, dəyişikliyə əsasən, səhmdar cəmiyyətinin nizamnamə kapitalı daha 25 milyon manat və yaxud 67,6% artırılaraq 37 milyon manatdan 62 milyon manata çatdırılır.

Kapital artımı şirkətin dövriyyədə olan 2 milyon ədəd səhminin nominal dəyərinin 18,5 manatdan 31 manata çatdırılması hesabına baş tutacaq. Bu, 2020-ci il ərzində "AzerGold"a 3-cü "maya qoyuluşu"dur. Bu ilin əvvəlində səhmdar cəmiyyətinin nizamnamə kapitalı 2 milyon manatdan 12 milyon manata, bir neçə ay bundan əvvəl isə 12 milyon manatdan 37 milyon manata çatdırılmışdı.

Xatırladaq ki, "AzerGold" ölkə prezidentinin 11 fevral 2015-ci il tarixli fərmanı ilə 5 iyul 2016-cı il tarixində yaradılıb. 100% dövlətə məxsus şirkəti İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri təmsil edir.

"AzerGold"un fəaliyyət sahələrinə qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi daxildir.

Son xəbərlər

Orphus sistemi