Azərbaycanda qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 2003-cü ildə 45 milyon ABŞ dolları olduğu halda, 2022-ci ildə 1 milyard 834 milyon ABŞ dolları olub ki, bu da 40,4 dəfə artım deməkdir.
“Report” xəbər verir ki, 2023-cü ildə Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 2003-cü illə müqayisədə 5,3 dəfə artaraq 20,3 milyard manat olub.
2004-cü ildən 2023-cü ilin 9 ayınadək iqtisadiyyata bütün mənbələrdən cəlb olunmuş investisiyaların həcmi ümumilikdə 318,9 milyard ABŞ dolları olub və bunun qeyri-neft-qaz sektoru üzrə payı 197,8 milyard ABŞ dolları təşkil edib. Bütün mənbələrdən cəlb olunmuş investisiyalar 2022-ci ildə 17,1 milyard ABŞ dolları olub və 2003-cü illə müqayisədə 4 dəfə artıb.
Bütün mənbələr üzrə qeyri-neft-qaz sektoruna cəlb olunmuş investisiyalar isə 2022-ci ildə 10,6 milyard ABŞ dolları təşkil edib və bu, 2003-cü illə müqayisədə 9,5 dəfə artım deməkdir.
Qeyd edək ki, ötən dövr ərzində Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilib. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub. Bu tədbirlərin davamı olaraq iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilib.
Göstərilən hədəfə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilib.