Azərbaycanın məşhur elektronika şirkətinin zərəri 28 %-dək azalıb

Maliyyə
  • 09 iyun, 2022
  • 10:36
Azərbaycanın məşhur elektronika şirkətinin zərəri 28 %-dək azalıb

“Optimal Elektronika” MMC 2021-ci ili 1,747 milyon manat zərərlə başa vurub.

“Report” xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 27,6 % azdır.

Ötən il “Optimal Elektronika”nın əsas əməliyyat gəlirləri 96,128 milyon manat (əvvəlki illə müqayidə 9,8 % az), icarədən gəlirləri 560 min manat (əvvəlki il olmayıb), digər gəlirləri 2,473 milyon manat (25,1 % çox), əməliyyat xərcləri 101,753 milyon manat (12,1 % az), maliyyə gəlirləri 845 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə “Optimal Elektronika”nın aktivləri 126,763 milyon manat olub ki, bu da, illik müqayisədə 31,6 % çoxdur. Şirkətin öhdəlikləri 50 % artaraq 79,78 milyon manata, balans kapitalı 8,9 % artaraq 46,984 milyon manata, nizamnamə kapitalı isə 4 dəfə artaraq 11,485 milyon manata çatıb.

Xatırladaq ki, “Optimal Elektronika” 2013-cü ildə yaradılıb. Onun qanuni təmsilçisi isə Əhəd Tofiq oğlu Əsgərovdur. Şirkət 78 filialı, 6 Servis Mərkəzi ilə Azərbaycanın bütün ərazilərində xidmət göstərməkdədir.

“Optimal Elektronika” Azərbaycanda Bosch, Samsung, Vestel, Sony, LG, AEG, Sharp, Philips, Huawei, Gorenje, Simfer, Babyliss, Braun, Carrier, Beurer, Delonghi, Pfaff, Singer, JBL, Maxwell, Addison, Mikado, Everest, Remington, Tognana, Kenwood, Karcher, Vitek, S-link, Rampage, Snopy, Zanussi, Russell Hobbs, Aldora brendlərinin rəsmi tərəfdaşıdır.