Maliyyə Nazirliyi Azərbaycanın məqsədli büdcə fondlarında rüblük gəlir və xərclərin icrasını açıqlayıb.
"Report" xəbər verir ki, bu il yanvarın 1-nə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı 18,9 milyon manat təşkil edib. Bu ilin I rübündə Fondun daxilolmaları 128,2 milyon manat olub ki, bu da təsdiq edilmiş proqnozdan 43,2 milyon manat və 51 % çoxdur.
Daxilolmaların 59,6 %-ni və yaxud 76,5 milyon manatını idxal olunan minik avtomobillərinə və avtonəqliyyat vasitələrinə tətbiq edilən aksiz və gömrük rüsumu, 28,7 %-ni və yaxud 36,8 milyon manatını yol vergisi, 10,4 %-ni və yaxud 13,3 milyon manatını ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi və nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi ilə bağlı ödənilən dövlət rüsumu, 1,3 %-ni və yaxud 1,6 milyon manatını mülkiyyətində və yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərin ödədiyi sadələşdirilmiş vergi təşkil edib.
Yanvar-mart aylarında “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun xərcləri 82,5 milyon manat olub ki, bu vəsait də əsasən ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarına yönəldilib. Hesabat dövrünün sonuna Fondun vəsaitinin qalığı 64,5 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə “Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu”, “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”, Mineral-xammal bazasının bərpası üzrə dövlət Fondu”, “Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondu” və “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu” üzrə vəsaitin qalığı 50,4 milyon manat olub. Bu ilin I rübündə sözügedən fondların daxilolmaları 2,1 milyon manat təşkil edib ki, bu da təsdiq edilmiş proqnozdan 2,8 milyon manat və yaxud 56,8 % azdır.
Daxilolmaların 51,1 %-i və yaxud 1,08 milyon manatı “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”nun, 6 %-i və yaxud 0,13 milyon manatı “Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu”nun, 35,4 %-i və yaxud 0,75 milyon manatı “Mineral-Xammal Bazasının Bərpası üzrə Dövlət Fondu”nun, 3,3 %-i və yaxud 0,07 milyon manatı “Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondu”nun, 4,2 %-i və yaxud 0,09 milyon manatı “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi Fondu”nun payına düşüb.
Yanvar-mart aylarında sözügedən fondların xərcləri 0,2 milyon manat olub ki, bu vəsait həmin fondlardan maliyyələşən təşkilatların işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib. Hesabat dövrünün sonuna məqsədli büdcə fondlarının vəsaitlərinin qalığı 52,3 milyon manat təşkil edib.