Azərbaycanın lombard şirkətinin istiqrazlarının 4-cü tranşı üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 04 noyabr, 2023
  • 13:18
Azərbaycanın lombard şirkətinin istiqrazlarının 4-cü tranşı üzrə hərracın tarixi açıqlanıb

Noyabrın 7-də "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC-nin istiqrazlarının 4-cü tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 1 000 manat olan 600 ədəd, yəni 600 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standard bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 12 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, "GL" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 254 635 manatdır. Şirkətin səhmləri 100 % Eldar Quliyevə məxsusdur. O, həm də "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarlarından biridir.

Son xəbərlər

Bütün Xəbər Lenti