Azərbaycanın lombard şirkətinin istiqrazlarına 6 investor maraq göstərib
- 10 oktyabr, 2023
- 11:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanda daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC-nin 425 min manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 425 ədəd istiqraz standard bazar seqmentində, kütləvi təklif üsulu ilə investorlara təklif olunub. Hərraca 6 investor 399 min manatlıq 6 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə 93,9 % olmaqla baş tutub.
Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, "GL" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 254 635 manatdır. Şirkətin səhmləri 100 % Eldar Quliyevə məxsusdur. O, həm də "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarlarından biridir.