Azərbaycanın lombard şirkətinin istiqrazlarının 1-ci tranşına 1 investor maraq göstərib

Maliyyə
  • 11 mart, 2024
  • 11:53
Azərbaycanın lombard şirkətinin istiqrazlarının 1-ci tranşına 1 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanda daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC-nin 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 500 min manatlıq 1-ci tranşı üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqraz standard bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 1 investor 500 min manatlıq 1 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 12 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.