Azərbaycanın lizinq şirkətinin istiqrazlarına 8 investor maraq göstərib
- 12 iyun, 2023
- 11:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial" MMC 500 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, kütləvi təklif üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 8 investor nominal dəyəri 1 000 manat, ümumi məbləği isə 500 min manat olan 8 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.
İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 1 000 manat (15 %) müəyyən edilib.
Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir.