Azərbaycanın lizinq şirkətinin istiqrazları listinqə daxil edilib

Maliyyə
  • 06 iyun, 2023
  • 08:33
Azərbaycanın lizinq şirkətinin istiqrazları listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” MMC-nin 500 min manat dəyərində istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

"Report" Birjaya istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək.

Hərracın tarixi azı 2 iş günü əvvəlcədən BFB-nin internet səhifəsində açıqlanacaq.

Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.