Azərbaycanın kollektor agentliyinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 27 mart, 2024
  • 08:32
Azərbaycanın kollektor agentliyinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Martın 29-da "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanın kollektor agentliyi - “BOA Agency” ASC-nin 110 min manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 1 manat olan 110 min ədəd səhm standart bazar seqmentində listinqə daxil edilib. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Qiymətli kağızlar tam yerləşdirilsə, "BOA Agency"nin nizamnamə kapitalı 2,2 dəfə artaraq 90 min manatdan 200 min manata çatacaq.

Xatırladaq ki, “BOA Agency” 2011-ci ildə yaradılıb. Onun səhmlərinin 50 %-i Yadulla Yusifova, 50 %-i isə Rüstəm Hacıyevə (ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu) məxsusdur.