Azərbaycanın kollektor agentliyinin səhmləri listinqə daxil edilib
- 14 mart, 2024
- 14:03
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycanın kollektor agentliyi - “BOA Agency” ASC-nin 110 min manatlıq adi, adlı, sənədsiz səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 manat olan 110 000 ədəd səhmdən gedir. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Abunə yazılışı sabahdan başlayacaq və 3 iş günü müddətində davam edəcək. Hərracın tarixi azı 2 iş günü qalmış Birjanın internet səhifəsində açıqlanacaq.
Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Qiymətli kağızlar tam yerləşdirilsə, "BOA Agency"nin nizamnamə kapitalı 2,2 dəfə artaraq 90 min manatdan 200 min manata çatacaq.
Xatırladaq ki, “BOA Agency” 2011-ci ildə yaradılıb. Onun səhmlərinin 50 %-i Yadulla Yusifova, 50 %-i isə Rüstəm Hacıyevə (ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu) məxsusdur.