Azərbaycanın kollektor agentliyi xalis mənfəətini 3 dəfə artırıb

Maliyyə
  • 29 aprel, 2024
  • 13:41
Azərbaycanın kollektor agentliyi xalis mənfəətini 3 dəfə artırıb

Azərbaycanın kollektor agentliyi - “BOA Agency” ASC 2023-cü ili 2,411 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” agentiyə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 3 dəfə çoxdur.

Ötən il “BOA Agency”nin vergiyəqədərki mənfəəti 3,014 milyon manat (əvvəlki ilə nisbətən 3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 603 min manat (3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “BOA Agency”nin aktivləri 128,077 milyon manat olub ki, bu da illik müqayisədə 12,9 dəfə çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 14,6 dəfə artaraq 127,969 milyon manata çatıb, balans kapitalı isə 10,7 dəfə azalaraq 109 min manata düşüb.

Xatırladaq ki, “BOA Agency” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkətin səhmlərinin 50 %-i Yadulla Yusifova və 50 %-i isə Rüstəm Hacıyevə məxsusdur.