Azərbaycanın kollektor agentliyi nizamnamə kapitalını kəskin artırır
- 20 iyun, 2023
- 08:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın kollektor agentliyi - “BOA Agency” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) səhmlərini yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiymətli kağızların informasiya memorandumuna istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 manat olan 86 min ədəd, yəni 86 min manatlıq adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Qiymətli kağızlar tam yerləşdirilsə, "BOA Agency"nin nizamnamə kapitalı 22,5 dəfə artaraq 4 min manatdan 90 min manata çatacaq.
Xatırladaq ki, “BOA Agency” 2011-ci ildə yaradılıb. Onun səhmlərinin 50 %-i Yadulla Yusifova, 50 %-i isə Rüstəm Hacıyevə (ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu) məxsusdur.