Bu ilin I yarısında Azərbaycanın investisiya şirkətlərinin aktivləri 89 % və yaxud 107 milyon manat artaraq 228 milyon manata çatıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, sektorun öhdəlikləri 40 % və yaxud 105 milyon manat artaraq 180 milyon manata, balans kapitalı isə 4 % və yaxud 2 milyon manat artaraq 48 milyon manata çatıb.
“İnvestisiya şirkətlərinin aktiv və öhdəliklərindəki artımı şərtləndirən əsas amil repo/əks-repo əməliyyatlarının həcminin artımı ilə bağlı olub. Belə ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2024-cü ilin I yarısında repo bazarındakı əməliyyatlar 2 dəfədən çox artıb", - deyə hesabatda qeyd olunub.
Yanvar-iyun aylarında investisiya şirkətlərinin müştəri aktivləri də böyüyüb - 8 % və yaxud 121 milyon manat artaraq 1 milyard 721 milyon manata çatıb. Müştəri aktivlərində artımın əsas səbəbi xarici bazardakı broker xidmətləri olub - bu seqmentin müştəri aktivləri 6,4 % (83 milyon manat) artıb.