Azərbaycanın investisiya şirkətləri korporativ idarəetmə standartlarına keçəcək - nə dəyişəcək?

Azərbaycanın investisiya şirkətləri korporativ idarəetmə standartlarına keçəcək - nə dəyişəcək? Gələn il fevralın 20-dən ölkədəki investisiya şirkətləri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin təsdiqlədiyi “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”na keçməlidir.
Maliyyə
22 Fevral , 2024 14:13
Azərbaycanın investisiya şirkətləri korporativ idarəetmə standartlarına keçəcək - nə dəyişəcək?

Gələn il fevralın 20-dən ölkədəki investisiya şirkətləri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin təsdiqlədiyi “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”na keçməlidir.

Bəs bu standartlar Azərbaycanın qiymətli kağızlar bazarına hansı dəyişikliklərə səbəb olacaq?

"Report" bu suala cavab tapmağa çalışıb.

Yerli investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova deyir ki, bu standartlar kapital bazarına etimadın artırılması, səhmdarların hüquqlarının qorunması üçün tətbiq olunan alətlərdəndir: "Əslində bütün şirkətlər, o cümlədən investisiya şirkətləri korporativ idarəetmə standartlarına riayət etməlidir. Amma imperativ norma olanda kommersiya qurumları onu istər-istəməz tətbiq etməyə başlayır və onlara etimad yaranır. Yaxşı korporativ idarəetmə şirkətin effektiv və səmərəli idarə olunmasını təmin edir, daha yaxşı əməliyyat performansına töhfə verən qərarların qəbul edilməsi, hesabatlılıq və məsuliyyət üçün çərçivə yaradır. Korporativ idarəetmə həm də şirkətin üzləşə biləcəyi riskləri müəyyən etməyə, izləməyə və idarə etməyə kömək edir. Bu riskləri aradan qaldırmaqla şirkətlər öz sabitliyini və dayanıqlığını artıra bilir”.

Onun fikrincə, güclü korporativ idarəetmə strukturlarına malik şirkətlərin öz maliyyə hesabatlarını şəffaf tərtib etməksi ehtimalı yüksəkdir: “Bu şəffaflıq investorlar, kreditorlar və ictimaiyyət arasında inam yaradılması üçün çox vacibdir. AMB-nin investisiya şirkətləri üçün bu tələbləri müəyyən etməsinin başlıca səbəbi onların mövcud və potensial müştəriləri arasında güvənin yaradılmasıdır. Məlum olduğu kimi, qiymətli kağızlar bazarında investorlarla investisiya axtaranlar arasında körpü quran məhz investisiya şirkətləridir. Bu körpü nə qədər dayanıqlı və etibarlı olsa investor da öz investisiyalarından əmin olacaq”.

"Yaxşı korporativ idarəetmə həm də şirkətlərin bütün maraqlı tərəflərlə, o cümlədən müştərilərlə ədalətli və etik davranmasını təmin edir, müsbət müştəri təcrübəsinə töhfə verir və müştəri loyallığını artırır. Korporativ idarəetmə yalnız şirkətin daxili fəaliyyəti və davamlılığı üçün faydalı deyil, həm də müştərilərlə etimad, məmnunluq və uzunmüddətli münasibətlərin qurulmasında mühüm rol oynayır. Nəinki investisiya şirkətləri, həm də Azərbaycanda fəaliyyət göstərən bütün şirkətlər bu tələblərə əməl etməlidirlər. İnvestisiya mühitinin düzgün formalaşdırılması üçün bu, zəruri olan şərtdir”, - deyə O.Qasımova fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi