Azərbaycanın investisiya şirkətinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 27 iyul, 2023
- 05:51
Sabah "Bakı Fond Birjası" QSC-də (BFB) “Azfinance İnvestisiya Şirkəti” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Report” bu barədə Birjaya istinadən xəbər verir.
BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 1 000 ədəd, yəni 1 milyon dollarlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi və faizlərin ödənilməsinin tezliyi hərracın gedişində müəyyən ediləcək.
Prosesin anderrayteri emitent özüdür. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.