İlk xəbər saat 16:51-də verilib
Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanın 2016-cı il dövlət büdcəsinin layihəsində mədaxil ümumi daxili məhsulun 25,2%-i həcmində olmaqla nominal ifadədə 14,566 mlrd. manat, məxaric isə ÜDM-in 28,2%-ni təşkil etməklə 16,264 mlrd. manat həcmində proqnozlaşdırılır.
Bu barədə "Report" Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.
*** Saat 17:04
Nazirliyin məlumatına əsasən, 2015-ci ilin müvafiq proqnozları ilə müqayisədə gələn il büdcə gəlirləri 25,1%, xərcləri isə 22,9% azaldılıb.
Dövlət büdcəsinin kəsiri 1,698 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci ilin proqnozundan 2,17% çoxdur.
Gələn ilin dövlət büdcəsində müdafiə xərcləri 1 837,8 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2015-ci ilin proqnozu ilə müqayisədə 3,3% çoxdur.
Qeyd edək ki, müdafiə xərcləri 2015-ci il üçün 1 778,5 mln. manat proqnozlaşdırılsa da, ilin sonuna 1 760 mln. manatla icra olunacağı gözlənilir.
Bununla yanaşı bildirilir ki, 2016-cı ilin dövlət və icmal büdcələrində xam neftin baza qiyməti 50 ABŞ dolları/barel, ABŞ dollarının rəsmi orta illik məzənnəsi isə 1,05 AZN/USD səviyyəsində götürülüb.
Məlumat üçün bildirək ki, 2016-cı il icmal büdcəsinin gəlirləri 16,720 mlrd. manat və yaxud cari ilə nisbətən 19,3% az, xərcləri 19,907 mlrd. manat və yaxud 23,2% az nəzərdə tutulub.
*** saat 17:44
Gələn il
Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla 1 590 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir. Komitə üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi 3,8% səviyyəsində olacaq.
Gələn ilin büdcə layihəsində təhsil xərcləri 1 713,5 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci ilin proqnozundan 0,1% çoxdur. Proqnozda elm xərcləri isə 12,5% azaldılaraq 131,7 mln. manat, səhiyyə xərcləri 4,2% azaldılaraq 744,9 mln. manat, sosial müdafiə və sosial təminat xərcləri 7,1% azaldılaraq 1 896,6 mln. manat təşkil edib.
Gələn il büdcə layihəsində sosial ipotekanın genişləndirilməsi üçün İpoteka Fonduna 50 mln. manat vəsait ayrılıb ki, bu da 2015-ci illə eyni səviyyədədir.