Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 %, xərcləri isə 8 % artırılır

Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 %, xərcləri isə 8 % artırılır Bu il Azərbaycanın dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən gəlirləri 29 milyard 197 milyon 800 min manat, xərcləri isə 32 milyard 303 milyon 800 min manat səviyyəsində müəyyən edilib.
Maliyyə
20 İyun , 2022 10:56
Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 %, xərcləri isə 8 % artırılır

Bu il Azərbaycanın dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən gəlirləri 29 milyard 197 milyon 800 min manat, xərcləri isə 32 milyard 303 milyon 800 min manat səviyyəsində müəyyən edilib.

"Report"un xəbərinə görə, bu məsələ "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində əksini tapıb. Layihə bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunacaq.

Qanun layihəsinə əsasən, əvvəlki büdcə proqnozu ilə müqayisədə gəlirlər 2 milyard 381,8 milyon manat və ya 8,9 %, xərclər isə 2 milyard 424,8 milyon manat və ya 8,1 % çoxdur.

Sənədə əsasən, o cümlədən, mərkəzləşdirilmiş gəlirlər 28 milyard 167 milyon 624 min manat, yerli gəlirlər 1 milyard 030 milyon 176 min manat, mərkəzləşdirilmiş xərclər 31 milyard 233 milyon 684 min manat, yerli xərclər 1 milyard 070 milyon 116 min manat təşkil edib.

Bu il yenidən baxılmış dövlət büdcəsinin gəlirlərinin 53,2 %-i və ya 15 milyard 537,5 milyon manatı neft sektorunun, 46,8 %-i və ya 13 milyard 660,3 milyon manatı qeyri-neft sektorunun payına düşür. Bu ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 847,5 milyon manat və ya 5,8 %, qeyri-neft sektoru üzrə isə 1 milyard 534,3 milyon manat və ya 12,6 % artırılır.

Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 1,6 faiz-bənd artaraq 46,8 % təşkil edəcəkdir.

Dövlət büdcəsinin kəsiri 43 milyon manat artırılaraq 3 milyard 106 milyon manat məbləğində nəzərdə tutulur.

"Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait hesabına təmin ediləcəkdir. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,7 % təşkil edəcəkdir ki, bu da təsdiq olunmuş dövlət büdcəsindəki göstəricidən 0,8 % az olacaq", - layihədə bildirilir.

Son xəbərlər

Orphus sistemi