Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 milyard 582,7 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 13,5 % çoxdur.
Bankların aktivlərinin 19 milyard 166,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15,1 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,5 %-dən 42 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 13,1 % artaraq 39 milyard 771,3 milyon manata, o cümlədən depozit portfeli 13,1 % artaraq 32 milyard 366,9 milyon manata çatıb. Bunun 11 milyard 955,4 milyon manatı fiziki, 20 milyard 411,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 17,2 %, şirkətlərin banklardakı vəsaitləri isə 13 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 3 dəfə azalaraq 108,6 milyon manat olub.
Sektorun balans kapitalı isə 16,5 % artaraq 5 milyard 811,4 milyon manat təşkil edib.