Bu il dekabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 50 milyard 164,6 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 8,6 % çoxdur.
Bankların aktivlərinin 25 milyard 766,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,8 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 46,6 %-dən 51,4 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 8,7 % artaraq 43 milyard 662,6 milyon manata, o cümlədən depozit portfeli 5,9 % artaraq 35 milyard 192 milyon manata çatıb. Bunun 13 milyard 859,9 milyon manatı fiziki, 21 milyard 332,1 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 13,1 %, şirkətlərin banklardakı vəsaitləri isə 1,7 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 14,5 dəfə azalaraq 3,5 milyon manat olub.
Sektorun balans kapitalı isə 8,1 % artaraq 6 milyard 502 milyon manat təşkil edib.