Azərbaycanın armatur istehsalçısının xalis mənfəəti 18 % azalıb
- 26 aprel, 2023
- 05:10
“EL Holdinq” şirkətlər qrupuna daxil olan “EL Metal Plus” QSC 2022-ci ili 3,505 milyon manat mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 17,9 % azdır.
Ötən il “EL Metal Plus”ın vergiyə qədərki mənfəəti 3,895 milyon manat (əvvəlki ilə nisbətən 17,8 % az), mənfəət vergisi ödəmələri isə 389 min manat (17,9 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “EL Metal Plus”ın aktivləri 18,695 milyon manat olub ki, bu da illik müqayisədə 12,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 8,3 % artaraq 11,365 milyon manata, balans kapitalı isə 19,4 % artaraq 7,331 milyon manata, o cümlədən nizamnamə kapitalı 58,9 % artaraq 2,972 milyon manata çatıb.
Xatırladaq ki, “EL Metal Plus” polad istehsalı zavodu 2016-ci ildən fəaliyyət göstərir. Zavodda metal qırıntılarından polad istehsal edilərək yarımfabrikatlar (pəstahlar) və tikinti armaturu istehsal olunur.