Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə 1,7 milyard manat artırılıb.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çoxdur), xərclərinin isə 41 milyard 367,6 milyon manat (+4,1 %) olacağı gözlənilir.
Büdcə gəlirlərindəki artım Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transfertin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılaraq 12 milyard 781 milyon manatdan 14 milyard 481 milyon manata çatdırılması hesabına olacaq.
Büdcə xərclərindəki artımı isə müdafiə və təhlükəsizlik xərclərinin ilkin variantla müqayisədə 1 milyard 738 milyon manat artırılaraq 6 milyard 658,3 milyon manatdan 8 milyard 396,3 milyon manata çatdırılması, eləcə də digər xərclərin ümumilikdə 38 milyon manat azaldılması təmin edəcək.
Son nəticədə büdcədə əvvəl elan edildiyi kimi, 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.