Azərbaycanda xarici investisiyaların xüsusi çəkisi artıb
- 13 avqust, 2022
- 10:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 milyard 873,9 milyon manat vəsait yönəldilib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 27,8 % azdır.
Bu il xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 milyard 758,1 milyon manatı (93,8 %-i) Böyük Britaniya, İsveçrə, ABŞ, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.
Qeyd edək ki, bu ilin yanvar ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 296,1 milyon manat, fevralda 264,2 milyon manat, martda 203,8 milyon manat, aprel ayında 224,4 milyon manat, mayda 269,9 milyon manat, iyunda 348,1 milyon manat, iyulda isə 267,6 milyon manat vəsait yönəldilib ki, bu da, ötən ilin müvafiq ayları ilə müqayisədə 14,5 %, 15,7 %, 2,3 dəfə, 4,1 dəfə, 2,5 dəfə, 37,7 % və 6,6% azdır.
Aylar üzrə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlərin ümumi investisiyalardakı payı 45 %, 38,7 %, 18,5 %, 18,1%, 21,8%, 25,1% və 26,7% təşkil edilib.