Azərbaycanda sərvət vergisinin tətbiqi sərfəli ola bilərmi?

Azərbaycanda sərvət vergisinin tətbiqi sərfəli ola bilərmi? Dünyanın bir sıra ölkələrində bahalı mənzillərə, avtomobillərə, brend mallara və digər əmlaklara sahib olan insanlardan müəyyən məbləğdə vergi alınır ki, buna sərvət vergisi deyilir. Bəs, görəsən, Azərbaycanda belə vergi növünün tətbiq edilməsi iqtisadiyyatımıza nə dərəcədə adekvat ola bilər?
Maliyyə
588
12 İyun , 2020 18:33
Azərbaycanda sərvət vergisinin tətbiqi sərfəli ola bilərmi?

Dünyanın bir sıra ölkələrində bahalı mənzillərə, avtomobillərə, brend mallara və digər əmlaklara sahib olan insanlardan müəyyən məbləğdə vergi alınır ki, buna sərvət vergisi deyilir. Bəs, görəsən, Azərbaycanda belə vergi növünün tətbiq edilməsi iqtisadiyyatımıza nə dərəcədə adekvat ola bilər?

İqtisadçı ekspert İsmayıl Bağırov mövzu barədə “Report”a verdiyi açıqlamada ilk öncə dünya ölkələrində sərvət vergisinin alınması ilə bağlı hansı təcrübənin olduğunu şərh edib:

“Bu gün bizdə sərvət vergisi barədə müzakirələr getsə də, vergi qanunvericiliyində bununla bağlı maddə yoxdur. Xarici ölkələrdə isə sərvət vergisi ilə bağlı bir neçə prinsip var. Bəzi dövlətlərdə brend mal və ya avtomobillərin ölkəyə idxalı və ya alqı-satqısı zamanı onlara görə sərvət vergisi alınır. Bir qisim dövlətlərdə isə bu vergi vətəndaşın faktiki sahib olduğu əmlaka görə tətbiq edilir.

Məsələn, Türkiyədə keçən il mənzillərdən sərvət vergisinin alınması tətbiq olunub. Bunun üçün müəyyən hədd müəyyən edilib və qiyməti həmin həddən baha olan mənzillərə görə sərvət vergisi alınır. Bu zaman mənizlin alqı-satqı əməliyyatı sənədində göstərilən dəyərinin müəyyən faizi qədər vergi tutulur.

Bir sıra ölkələrdə isə bahalı avtomobillərə görə sərvət vergisi alınır. Burada iki hal var. Biri odur ki, avtomobilin satışı həyata keçirilən zaman ona görə vergi miqdarı təyin edilsin. Bu zaman maşının dəyəri artır. Bir qisim ölkələrdə isə vətəndaşın faktiki mənsub olduğu əmlaka görə sərvət vergisi hesablanır.

ABŞ-da və bəzi Avropa ölkələrində gəlirə görə də sərvət vergisi ödənilir. Bunun üçün gəlir deklarasiyasını müəyyənləşdirirlər. Vətəndaş dövlətə illik gəlirinin nə qədər olması barədə bəyannamə təqdim edir və bunun əsasında əlavə vergi ödəyir. Gəlir çox olduqca verginin də miqdarı artır. Bizdə isə bunu tənzimləyəcək bir qanun yoxdur. Gərək bu istiqamətdə detallı şəkildə qanunvericilik bazası işlənib hazırlansın”.

Report
Report

Ekspert bildirib ki, bizdə sərvət vergisinin bəzi məhsullara tətbiq edilməsi digər sahələrin inkişafına və satış qiymətlərinə təsir etməz:

“Bəzi məhsullara görə sərvət vergisinin alınması büdcə daxilolmalarını artırar. Çünki bu vergi növü müəyyən təbəqənin istifadə etdiyi məhsullara görə alınır. Yəni ki, 5-10 milyon manatlıq mənzili almağa hər kəsin gücü çatmır. Bu mənzili yalnız imkanlı adamlar alır. Nəticədə bu mənzillərə vergi tətbiq edilməsi iqtisadiyyata mənfi təsir etməz.

Bu vergi növü sahibkarlıqda istifadə olunan hər hansı bir obyektə və ya dəzgaha şamil olunmamalıdır ki, biznes sahəsinə mənfi təsir etməsin. Amma əgər hər hansı biznesmen özünə 5-10 milyona mənzil alırsa, ondan sərvət vergisi alına bilər.

Məhsullar kateqoriyalara bölünməlidir. Hər əmlak üçün müəyyən hədd təyin edilməli və həmin həddən yuxarı əmlaklara görə sərvət vergisi alınmalıdır. Bu əmlakların hər biri üçün fərqli məbləğ olmalıdır. Daşınmaz əmlakla hər hansı nəqliyyat vasitəsini eyni tutmaq olmaz. Daşınmaz əmlakın dəyərini 5 milyondan da yuxarı götürmək olar. Nəqliyyat vasitəsi üçün maksimum təqribən 500 min manat hədd təyin edilir. Hər kateqoriyadan olan məhsula uyğun vergi miqdarı təyin edilməlidir. Daha real olan odur ki, vətəndaşın əlində olan faktiki əmlakdan vergi alınsın. Çünki satış və ya idxal vaxtı sərvət vergisinin alınması əmlakın maya dəyərini və satış qiymətini artırır.

Bizdə seçim apararaq müəyyən sahələrə sərvət vergisini tətbiq etmək olar. Məsələn, elə Türkiyədə olduğu kimi mənzil sahəsində bu məsələni reallaşdırmaq mümkündür. Eyni zamanda bahalı avtomobillərə görə də vətəndaşlardan sərvət vergisi alına bilər. Bir məsələ var ki, insanlar həmin əmlakların real dəyərini gizlədə bilərlər. Bunun qarşısının alınması üçün qanunvericilik bazası hazırlanmalıdır. Avropa ölkələrinin çoxunda tətbiq edilən məhsullara isə bizdə belə vergi növünün tətbiqi effekt verməz. Məsələn, brend mallardan sərvət vergisinin alınması qiymətləri daha da bahalaşdırar. Odur ki, bu istiqamətdə ciddi təhlil işləri aparılaraq addım atılmalıdır”.

Son xəbərlər

Orphus sistemi