Azərbaycanda sahibkarların sığorta xidmətlərinə əlçatanlığı təmin olunacaq

Azərbaycanda sahibkarların sığorta xidmətlərinə əlçatanlığı təmin olunacaq "Azərbaycan Sığortaçılar Assosiasiyası" ilə Sahibkarlığın İnkişafı Fondunun rəhbər heyəti arasında görüş keçirilib
Maliyyə
15 Aprel , 2021 12:15
Azərbaycanda sahibkarların sığorta xidmətlərinə əlçatanlığı təmin olunacaq

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) rəhbər heyəti arasında görüş keçirilib.

“Report”un ASA-ya istinadən verdiyi məlumata görə, görüşdə sahibkarların sığorta xidmətlərinə əlçatanlığının təmin olunması yönündə mövcud vəziyyət və real perspektivlər müzakirə edilib.

ASA-nın İcraçı direktoru Elmar Mirsalayev həm Assosiasiya, həm də sığorta xidmətlərinin sahibkarlara aid hissəsi haqqında məlumat verib. O bildirib ki, sahibkarlıq subyektlərinin sığorta xidmətlərinə əlçatanlığının təmin olunması, eyni zamanda sahibkarların sığorta ilə bağlı məlumatlığının artırılması Assosiasiya və yerli sığorta bazarı üçün başlıca prioritetdir.

SİF-in İdarə Heyətinin sədri Kənan Nəcəfov isə Fondun fəaliyyəti haqqında danışıb, sığorta sisteminin biznes mühiti üçün ən uğurlu müdafiə mexanizmi olduğunu vurğulayıb. O, sahibkarları daha çox maraqlandıran sığorta xidmətlərinə toxunub və bildirib ki, bu gün aqrar sahədə çalışan, ixrac əməliyyatları həyata keçirən iş adamları sərfəli sığorta məhsullarında maraqlıdırlar. Eyni zamanda sahibkarlar üçün biznes kreditlərinin sığortası da görüşün əsas müzakirə mövzusu olub.

Tərəflər görüşün sonunda sahibkarların sığorta xidmətlərinə əlçatanlığının stimullaşdırılması, onlar üçün yeni və daha münasib məhsulların müəyyən olunması və bu yöndə iki qurum arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun hazırlanıb imzalanması istiqamətində razılıq əldə edib.

Son xəbərlər

Orphus sistemi