"Rəqəmsal Dövlət Maliyyəsi" informasiya sisteminin tətbiqinə dair vəziyyət açıqlanıb
- 22 oktyabr, 2026
- 10:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi uğurla tətbiq edilir.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
Onun sözlərinə görə, Nazirlik hesabatlılıq sahəsində silsilə addımlar atıb: "Bu sahədə əsas yanaşma müxtəlif xidmətlərin ayrı-ayrılıqda elektronlaşdırılması deyil, məhz vahid elektron portal və ekosistem üzərindən müxtəlif dövlət xidmətlərinin, o cümlədən dövlət maliyyə xidmətlərinin vahid çərçivədə formalaşdırılmasıdır. Bu istiqamətdə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə artıq "Rəqəmsal Dövlət Maliyyəsi" informasiya sistemi yaradılıb. Cari il ərzində sistemin bir çox komponent və altkomponentlərinin icrasına başlanılıb. Bir sıra istiqamətlərdə isə çox bariz nəticələrimiz mövcuddur".
Nazir vurğulayıb ki, "Rəqəmsal Dövlət Maliyyəsi" informasiya sistemi məlumatlara əsaslanan qərarlar qəbul etməyə, proqnozlaşdırmaya və təhlillərin aparılmasına imkan verir: "Müxtəlif alt sistemlərin və dövlət maliyyə xidmətlərinin vahid çərçivədə formalaşdırılması, həmçinin məlumatların bir-biri ilə əlaqələndirilməsi dövlət maliyyə siyasətinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır".