Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmaları 18% artıb

Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmaları 18% artıb Bu ilin I rübündə Vergilər Nazirliyi dövlət büdcəsinə 1 672,9 milyon manat vergi mədaxil edib.
Maliyyə
22 Aprel , 2019 15:45
Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmaları 18% artıb

Bu ilin I rübündə Vergilər Nazirliyi dövlət büdcəsinə 1 672,9 milyon manat vergi mədaxil edib.

“Report” Nazirliyə istinadən xəbər verir ki, bununla da proqnoza 110,4% əməl olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% və yaxud 236,4 milyon manat çox vəsait toplanıb.

Ödənilən vergilərin 30,9%-i neft sektorunun, 69,1%-i qeyri-neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı 18,3% təşkil edib.

Vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% artaraq 76,5%-ə çatıb. Qeyri-neft-qaz sektorunun özəl bölməsındən vergi ödəmələri 20,6% artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi 76,7%-ə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53%-ə yüksəlib.

Regionlardan vergi daxilolmaları artaraq 168,4 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3% çox olub. Bu zaman mərkəzləşdirilmiş daxilolmalar nəzərə alınmadan, regionların daxili potensialı üzrə daxilolmaların məbləği daha böyük çox - 40,4% artıb. Regionlardan daxilolmaların cəmi vergi daxilolmalarında xüsusi çəkisi isə 10,1%-ə yüksəlib.

2019-cu ilin əvvəlindən məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmaların yığılması Vergilər Nazirliyinin funksiyalarına aid edilib. Cari ilin 1-ci rübünün yekunlarına görə, məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 582,1 milyon manat olmaqla 110,8%, işsizlikdən sığorta üzrə daxilolmaların məbləği 22,8 milyon manat olmaqla 117,3% icra olunub.

2019-cu ilin I rübündə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 25 536 (3 270 hüquqi şəxs, 22 266 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 25,5% çoxdur. Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 52,2%-i regionların payına düşüb.

Hesabat dövründə 11 232 təsərrüfat subyekti (obyektinin) qeydiyyatdan keçib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 73,2% çox olub. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 4.033 olub ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 4,8 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi