Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 10 milyard 45,1 milyon manat təşkil edib ki, bu da proqnozdan 22,9 %, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 13,7 % çoxdur.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 53,3 % təşkil edib.
Sektor üzrə daxilolmaların 58,5 %-ni və yaxud 5 milyard 875,1 milyon manatını vergi daxilolmaları, 32,4 %-ni və yaxud 3 milyard 252,2 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 2,4 %-ni və yaxud 241,5 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaları, 2,4 %-ni və yaxud 250 milyon manatını Azərbaycan Mərkəzi Bankının mənfəətindən daxilolmalar, 4,1 %-ni və yaxud 408,5 milyon manatını sair daxilolmalar, 0,2 %-ni və yaxud 17,8 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.