Azərbaycanda qeyri-həyat sığortası bazarı 3 % böyüyüb
- 27 sentyabr, 2024
- 12:11
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 425,209 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 11,4 % artaraq 166,725 milyon manata çatıb.
Beləliklə, 8 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,2 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 36,1 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 927,732 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,55 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 499,854 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,6 % çoxdur.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,8 manat olub.