Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6 milyard manatlıq, o cümlədən 3,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 %, o cümlədən qeyri-ərzaq malları üzrə 4,9 % azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2 % artıb.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla |
2020-ci ilin yanvar-fevral aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 6 027,9 | 98,7 |
o cümlədən: | ||
ərzaq məhsulları | 2 824,1 | 102,2 |
içkilər və tütün məmulatları | 380,9 | 100,3 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 997,5 | 92,9 |
elektrik malları və mebellər | 316,3 | 88,7 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 43,2 | 102,0 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 138,4 | 150,8 |
avtomobil benzini və dizel yanacağı | 322,6 | 88,1 |
digər qeyri-ərzaq malları | 1 004,9 | 96,4 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 %-i ərzaq məhsullarının, 6,3 %-i içkilər və tütün məmulatlarının, 16,5 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 %-i avtomobil benzini və dizel yanacağının, 5,2 %-i elektrik malları və mebellərin, 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,7 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 26,6 %-i ticarət müəssisələri, 49,9 %-i fərdi sahibkarlar tərəfindən, 23,5 %-i isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,3 %, fərdi sahibkarlar üzrə 1,6 % artıb, bazar və yarmarkalarda isə 15,8 % azalıb.
Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 302,1 manatlıq, o cümlədən 160,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq malları alıb.