Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 28 mlrd 054,9 milyon manatlıq, o cümlədən 15 mlrd 121,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 mlrd 933,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,6%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,3% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları |
Satışdan gəlir, milyon manatla |
2019-cu ilin yanvar - sentyabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 28 054,9 | 98,4 |
o cümlədən: | ||
ərzaq məhsulları | 13 690,5 | 103,4 |
içkilər və tütün məmulatları | 1 430,9 | 100,2 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 4 400,6 | 85,8 |
elektrik malları və mebellər | 1 592,3 | 92,8 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 225,5 | 99,8 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 498,2 | 137,4 |
avtomobil benzini və dizel yanacağı | 1 502,2 | 99,1 |
digər qeyri-ərzaq malları | 4 714,7 | 97,0 |
2020-ci ilin yanvar-sentyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,8%-i ərzaq məhsullarının, 5,1%-i içkilər və tütün məmulatlarının, 15,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i elektrik malları və mebellərin, 5,3%-i avtomobil benzini və dizel yanacağının, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23%-i ticarət müəssisələri, 51,9%-i fərdi sahibkarlar tərəfindən, 25,1%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8%, fərdi sahibkarlar üzrə 2,9% artmış, bazar və yarmarkalarda isə 16% azalıb.
2020-ci ilin yanvar-sentyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 312,6 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 168,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 144,1 manatlıq qeyri-ərzaq malları alıb.