Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 %-dən çox artıb
- 12 aprel, 2022
- 09:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11 milyard manatlıq, o cümlədən 6,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilir ki, 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 %, qeyri-ərzaq malları üzrə 3,7 % artıb.
Bu ilin yanvar-mart aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51 %-i ərzaq məhsullarının, 5,5 %-i içkilər və tütün məmulatlarının, 15,2 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 %-i avtomobil benzini və dizel yanacağının, 4,7 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 14,9 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ini təşkil edib. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 13,3 %, bazar və yarmarkalarda 1,1 % artıb, fərdi sahibkarlar üzrə isə 1,3 % azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 365,1 manatlıq, o cümlədən 206,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 158,9 manatlıq qeyri-ərzaq malları alıb.