Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 350,1 milyon manatlıq, o cümlədən 16 406,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 943,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 %, qeyri-ərzaq malları üzrə 3,3 % artıb.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla |
2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 30 350,1 | 102,8 |
o cümlədən: | ||
ərzaq məhsulları | 14 859,5 | 102,6 |
içkilər və tütün məmulatları | 1 546,8 | 100,5 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 4 561,1 | 101,1 |
elektrik malları və mebellər | 1 663,1 | 102,0 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 277,7 | 122,0 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 682,0 | 136,1 |
avtomobil benzini və dizel yanacağı | 1 820,6 | 103,1 |
digər qeyri-ərzaq malları | 4 939,3 | 101,4 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49 %-i ərzaq məhsullarının, 5,1 %-i içkilər və tütün məmulatlarının, 15 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 %-i avtomobil benzini və dizel yanacağının, 5,5 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Bu ilin yanvar-sentyabr aylarında istehlak mallarının dəyər ifadəsində 27,4 %-i ticarət müəssisələri, 49,1 %-i fərdi sahibkarlar tərəfindən, 23,5 %-i isə bazar və yarmarkalarda satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,5 % artıb, fərdi sahibkarlar üzrə 2,7 %, bazar və yarmarkalarda 3,9 % azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 336,8 manatlıq, o cümlədən 182,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,7 manatlıq qeyri-ərzaq malları alıb.