Bu il mayın 31-nə qədər Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına görə, dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması çərçivəsində 1 026 müraciət üzrə 258,3 milyon manatlıq kreditə 149,7 milyon manat zəmanət verilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir.
Məlumata görə, mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmi üzrə isə kredit qalığı 819,2 milyon manat olan 4 497 müraciət üzrə 57 milyon manat faiz subsidiyasının verilməsi barədə müsbət qərar qəbul edilib və artıq 49,3 milyon manat subsidiya ödənilib.
Sahibkarların dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə müraciətləri Elektron Kredit Platforması üzərindən qəbul olunur. Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması məqsədilə Fond xidmətlərin tam elektronlaşdırılması istiqamətində tədbirlər görür.