Azərbaycanda nağdsız ödənişlərin məbləği sentyabrda 60 % artıb

Maliyyə
  • 02 noyabr, 2024
  • 13:29
Azərbaycanda nağdsız ödənişlərin məbləği sentyabrda 60 % artıb

Bu ilin sentyabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği 2023-cü ilin eyni dövrü ilə müqayisədə 60 % artaraq - 7 milyard 154 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 6 milyard 069 milyon manatı (84,8 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 1 milyard 076 milyon manatı POS-terminallar, 7,7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi kart əməliyyatlarının həcminin 63,4 %-ni təşkil edib.

Bu il oktyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 18 milyon 923 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,9 %, ilin əvvəlinə nisbətən 11,8 %, illik müqayisədə isə 18,7 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 20,6 % artaraq 16,65 milyona, kredit kartlarının sayı isə 6,3 % artaraq 2,273 milyona çatıb. 9 ayda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 10,344 milyard manat (illik müqayisədə 42,6 % çox) və 799 milyon manat (42,7 % çox) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 3 %, POS-terminalların sayı isə 26,5 % artaraq müvafiq olaraq 3 213 ədəd (Bakı üzrə 1 710 ədəd) və 103 448 ədəd (Bakı üzrə 64 174 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

Son xəbərlər

Bütün Xəbər Lenti