Azərbaycanda könüllü sığorta üzrə ödənişlər 42 % artıb
- 02 noyabr, 2024
- 08:33
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 765,429 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,4 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 454,801 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 42,1 % çoxdur.
Beləliklə, 9 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 59,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 46,6 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 23,707 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 553,746 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,3 % çoxdur.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 42,8 manat olub.