Azərbaycanda istiqraz bazarının böyüməsi ilə bağlı proqnoz açıqlanıb

Maliyyə
  • 16 noyabr, 2022
  • 08:05
Azərbaycanda istiqraz bazarının böyüməsi ilə bağlı proqnoz açıqlanıb

“Azərbaycanda növbəti 5 ildə ilkin istiqraz bazarının hər il 1-2 dəfə, təkrar istiqraz bazarının isə hər il 6-8 dəfə böyüməsi gözlənilir”.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda ölkənin investisiya şirkətlərindən birinin direktor müavini Ruslan Xəlilov deyib.

“2021-ci ildə Azərbaycanda ilkin istiqraz bazarının dəyəri 6,8 milyard manat olub, 2026-cı ildə bu rəqəmin 8-12 milyard manat olacağı proqnozlaşdırılır, təkrar istiqraz bazarının isə 1,2 milyard manat olub, 7,5-14,5 milyard manat olacağı proqnozlaşdırılır”, - deyə o, qeyd edib.

"Ötən ilin sonuna olan göstəriciyə əsasən, Azərbaycanda korpartiv istiqraz emissiyasının (ilkin emissiya) ümumi dəyəri ümumi daxili məhsulun (ÜDM) təqribən 0,9 %-i həddindədir. Bura dövlətin buraxdığı ipoteka kağızları da daxildir, 0,9 %-in təqribən 0,5-0,6 %-i ipoteka kağızlarının payına düşür. Qazaxıstanda bu göstərici 3,5 %, Türkiyədə isə 3,9 % olub", - deyə R.Xəlilov əlavə edib.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış 9 milyard 434,4 milyon manatlıq əməliyyatın 1 milyard 043,6 milyon manatlıq hissəsi və yaxud 11,1 %-i korporativ qiymətli kağızların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 3,5 % azdır. 9 ay ərzində bu bazarda bağlanmış 6 596 əqdin isə 3 325-i və yaxud 50,4 %-i korporativ qiymətli kağızların payına düşüb. Bu isə illik müqayisədə 15,8 % azdır.

44 filmi