Bu ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyul aylarına nisbətən 2,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,3%, qeyri-ərzaq məhsulları üzrə 1,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1% artıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3% az, əvvəlki ilin iyul ayına nisbətən 2,7% çox olub.
Bu ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7% az, əvvəlki ilin iyul ayına nisbətən 4,6% artıb.
Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, yoqurtun, xamanın, brınza pendirinin, limonun, bananın, armudun, alçanın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, üzümün, qurudulmuş meyvələrin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, yerkökünün, soğanın, kartofun, təzə göbələyin, şəkər tozunun, təbii balın, spirtli içkilərin, bahalaşma isə əsasən yumru düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun ətinin, dondurulmuş balığın, kəsmiyin, yumurtanın, süfrə marqarininin, almanın, kivinin, göyərtinin, sarımsağın, mərcinin və tütün məmulatlarının qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməıb.
2020-ci ilin iyul ayında həm qeyri-ərzaq məhsulları, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib, əvvəlki ilin iyul ayına nisbətən isə müvafiq olaraq 1,3 və 1,1 % artıb.